Xarici miqrasiya qurumlarının rəhbərləri "ASAN xidmət"də
22 may 2025-ci il tarixində Miqrasiya Orqanları Rəhbərləri Şurasına üzv dövlətlərin miqrasiya sahəsində fəaliyyət göstərən müvafiq orqanlarının yüksək vəzifəli şəxslərinin rəhbərliyi ilə nümayəndə heyəti, o cümlədən MDB-nin müvafiq orqanlarının və Avrasiya İqtisadi Komissiyasının təmsilçiləri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.
Qonaqlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını bildiriblər.
Nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, "ABAD" publik hüquqi şəxsin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olub.