Please ensure Javascript is enabled for purposes of website accessibility

“Vətəni müdafiəyə daim hazırıq” mövzusunda forum keçirilib

Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin “Vətəni müdafiəyə daim hazırıq” mövzusunda forumu keçirilib.

Forumun təşkilatçıları Dövlət Təhlükəsizliyi Xidməti, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Prezident yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası olub.

Forumda rəsmi qonaqlarla yanaşı, Azərbaycanın işğal olunmuş Xankəndi, Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Xocalı, Xocavənd, Cəbrayıl, Füzuli və cəbhəyanı Tərtər, Goranboy, Beyləqan, Ağcabədi, Göygöl, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Gədəbəy şəhər və rayonlarının fəal gəncləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyub, sonra Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olublar.

Forum ulu öndər Heydər Əliyevin, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin moderatorluğu ilə keçən tədbirdə bildirilib ki, forum Prezident İlham Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin, dövlətçiliyinin, ərazi bütövlüyünün, təhlükəsizliyinin etibarlı qorunması və gücləndirilməsi işində gənclərin fəallaşdırılması, eləcə də Silahlı Qüvvələrin Ali Baş Komandanının müdrik rəhbərliyi və qətiyyəti sayəsində mənfur düşməndən azad edilmiş ərazilərimizə Böyük Qayıdış konsepsiyasının həyata keçirilməsində yaxından iştirak məqsədilə təşkil olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-mayor İlqar Musayev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundov, Milli Məclisin deputatı Rövşən Rzayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Müdafiə Nazirliyinin zabiti Babək Səmidli, həmçinin Ağdam, Xocalı, Şuşa, Tərtər və Qazax rayonlarından olan gənclər çıxış edərək, forumun əhəmiyyətini yüksək qiymətləndirib, tədbirin təşkilinə görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər. İşğal olunmuş və cəbhəyanı rayonların gənclərini təmsil edən forum iştirakçıları respublikamızın ərazi bütövlüyünün bərpa olunması üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an silaha sarılmağa hazır olduqlarını bildiriblər.

Çıxışlardan sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə forum iştirakçıları adından müraciət qəbul edilib.

Tədbir iştirakçıları Ağdam rayonunun girişindəki Bayraq Muzeyi və vaxtilə Ağdam şəhərində ucaldılan, rayonun memarlıq nümunələrindən hesab olunan, 1993-cü ildə isə ermənilər tərəfindən yandırılaraq məhv edilən çay evinin Quzanlı qəsəbəsində tikilən bənzərini ziyarət ediblər.

Forum Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin, Azərbaycan Dövlət Rəqs Ansamblının, “Qaya” estrada qrupunun və respublikanın digər tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə dövlətçiliyi, azərbaycançılığı və qəhrəmanlığı tərənnüm edən konsert proqramı ilə yekunlaşıb.

A- A A+

Digər press-relizlər