“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kambocanın müvafiq qurumu arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində Kamboca Krallığının Poçt və Telekommunikasiya Nazirliyinin ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edib.
Məqsəd “ASAN xidmət” təcrübəsi ilə yerində tanış olmaq və müvafiq təcrübənin Kambocada tətbiqi üzrə konkret fəaliyyətlərin müəyyən edilməsi olub.
Nümayəndə heyəti müxtəlif “ASAN xidmət” mərkəzləri, ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub) ilə tanış olub. Həmçinin onlar üçün Dövlət Agentliyinin müxtəlif şöbələri tərəfindən təlimlər keçirilib, təqdimatlar edilib.
Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin və ASAN TV/Radionun fəaliyyəti ilə də yaxından tanış olublar.













