Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”in insan hüquqlarının təşviqində rolu müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş “Şəffaf, məsuliyyətli və səmərəli dövlət xidmətlərinin göstərilməsi vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviq edilməsi” mövzusunda keçirilən seminarda çıxış edib. Tədbir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə təsis edilmiş 18 iyun - İnsan Hüquqları Gününə həsr olunub.

Ceyhun Salmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında yaranmış "ASAN xidmət" modeli haqqında tədbir iştirakçılarına təqdimat edib, eləcə də müvafiq təcrübənin insan hüquqlarının təmin edilməsi, xidmətlərə əlçatanlığın təşviq edilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında mühüm rolunu vurğulayıb.

Eyni zamanda 2026-cı il 30 mart tarixində BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə artıq üçüncü dəfə qəbul edilən və vətəndaş məmnunluğunu ön plana çıxaran “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviq edilməsi” adlı qətnamənin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak ediblər. Pakistanın, Türkiyənin, Özbəkistanın və Kolumbiyanın ölkəmizdəki səfirləri səmərəli dövlət xidmətlərinin təşkili üzrə milli təcrübələrini bölüşüb, “ASAN xidmət” modelinin tətbiqi üzrə əməkdaşlıq barədə məlumat veriblər.

A- A A+

Digər press-relizlər