Please ensure Javascript is enabled for purposes of website accessibility

Azərbaycan brendi

““ASAN xidmət”in yaradılması Azərbaycanda aparılan ciddi islahatların təzahürüdür. Bu, yeni sistemdir. Bu, Azərbaycan brendidir”. Bunu Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılış mərasimində bəyan edib. Dövlət başçısı deyib ki, bu sistem, Azərbaycanda qısa müddət ərzində öz vacibliyini  təsdiq edib. İndi başqa ölkələrdə də bu təcrübə öyrənilir. Artıq qısa müddət ərzində 100 minə qədər vətəndaş artıq “ASAN xidmət”ə müraciət edib və yüksək xidmət alıb: “Bu, yenilikdir, müasirlikdir, ölkəmizin inkişafıdır”.

İ.Əliyev xüsusi vurğulayıb ki, “ASAN xidmət”in bir neçə əsas fəaliyyət istiqaməti var, onların arasında insanlara yüksək səviyyəli xidmət məsələsi ön plandadır: “Eyni zamanda, bu sistem vasitəsilə xoşagəlməz halların qarşısı alınır, korrupsiyaya qarşı mübarizə daha da gözəl səmərə verir, bürokratiyaya qarşı mübarizə artıq “ASAN xidmət” vasitəsilə yeni pilləyə qalxır. “ASAN xidmət”in fəaliyyəti innovasiya, müasirlik, texnologiyalar, bilik deməkdir”.

Prezident deyib ki, bu sahədə könüllülərin fəaliyyəti cəmiyyətdə yeni bir davranış qaydalarının tətbiqi deməkdir. Bu, çox nəcib və doğrudan da, çox təqdirəlayiq bir funksiyadır: “Gənclər təmənnasız bu işlərə qoşulur – vətəndaşlara kömək göstərmək, cəmiyyətdə öz fəaliyyətini daha da uğurla aparmaq və ümumi işimizə töhfə vermək üçün. Yəni, görürsünüz ki, “ASAN xidmət”in təməlində nə qədər gözəl amillər birləşir: müasirlik, yenilik, insanların vətəndaşlıq borcunun yerinə yetirilməsi, gənclərin bu işlərə qoşulması. Əlbəttə, bu xidmət ölkəmizin ümumu inkişafı ilə də tam uzlaşır”.

“ASAN xidmət”in üstünlüyü

İlham Əliyev Azərbaycanda müasir dövlət qurulduğunu, yeni texnologiyaların tətbiq edildiyini qeyd edib. Bəyan edib ki, dünyanın ən qabaqcıl, mütərəqqi təcrübəsi Azərbaycanda tətbiq olunur: “Bu, ümumiyyətlə, bizim siyasi xəttimizdir. Ancaq “ASAN xidmət”in üstünlüyü ondan ibarətdir ki, artıq Azərbaycan da müasir texnologiyaları tətbiq edir. Başqa ölkələr bizdə olan təcrübəni öyrənəcək və faydalanacaq”.

Dövlət başçısı “ASAN xidmət”də çalışan könüllü gənclərə müraciətlə deyib ki, onların gələcəyi çox uğurlu, parlaq olacaq: “Çünki siz gənc yaşlarda ölkəmiz üçün vacib olan sahədə fəaliyyət göstərirsiniz, burada təcrübə toplayacaqsınız, insanlarla təmasda olacaqsınız. Bu təcrübə sizin üçün gələcəkdə, əlbəttə ki, çox faydalı olacaqdır. Sizin kimi gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər”.

İnkişaf etmiş Azərbaycan naminə

Prezident deyib ki, elə etməliyik ki, Azərbaycanın sürətli inkişafı dayanıqlı olsun. Bundan 10 il, 20 il, 30 il, 50 il sonra da Azərbaycan dünyada öz mövqeyini müdafiə edə bilsin: “Bunu etmək üçün təkcə güclü iqtisadiyyat, yaxud da ki, xarici siyasət kifayət deyil. Bunu etmək üçün Azərbaycan vətəndaşları, Azərbaycanın gələcəyini və inkişafını müəyyən edən insanlar bilikli, ilk növbədə, vətənpərvər olmalı, öz Vətənini sevməlidirlər.

Şadam ki, Azərbaycan gəncləri bu ruhda tərbiyə alır. Xüsusilə nəzərə almalıyıq ki, bu gün Azərbaycan ilə fəxr etmək üçün kifayət qədər çox səbəb var”.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısına məlumat verib ki, Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər mümkün korrupsiya hallarını aradan qaldırır və dövlət xidmətlərini vətəndaşlara yaxınlaşdırır.

Ötən il dekabrın 29-da pilot layihə olaraq paytaxt Bakıda 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Pilot layihə çərçivəsində mərkəz Bakının Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan vətəndaşlara xidmət göstərir. Bu il mayın 3-də isə Sumqayıt “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Bu mərkəz Sumqayıt şəhərinin, eyni zamanda, Abşeron, Siyəzən, Şabran və Xızı rayonlarının sakinlərinə xidmət göstərir. Hər iki mərkəzin fəaliyyətində müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notarial fəaliyyət, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar üstünlük təşkil edib.

Yeni hüquqi xidmətlər

“ASAN xidmət” mərkəzində ilk vaxtlar 23 hüquqi xidmət həyata keçirilirdisə, Prezident İlham Əliyevin bu il martın 18-də imzaladığı Fərmanla göstərilən xidmətlərin sayı artırılıb. Fərmana əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin, daşınmaz əmlakla bağlı dövlət reyestrindən arayışların verilməsi “ASAN xidmət” mərkəzlərinə həvalə edilib. Bununla da dövlət orqanları tərəfindən göstərilən hüquqi xidmətlərin sayı 25-ə çatıb.

Hər şey nəzərə alınıb

Dövlət başçısına məlumat verilib ki, 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Xətai, Nizami və Suraxanı rayonlarının əhalisinə xidmət göstərəcək. Mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcək. Bunun üçün ən müasir avadanlıq quraşdırılıb. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdırır. Bu mərkəzdə də üç elektron ərizə doldurma aparatı qoyulub.

Qeyd edilib ki, “ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Mərkəz daim internetə açıq olan kompüterlərlə təchiz edilib. Burada vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılıb. Mərkəzdə əlillər üçün də hər cür imkan var. Gözdən əlillərin sərbəst hərəkəti üçün isə hər mərtəbənin döşəməsinə xüsusi örtüklər vurulub, lövhələr onların oxuya bildiyi müvafiq hərflərlə hazırlanıb.

Funksional-yardımçı xidmətlər

Bildirilib ki, “ASAN xidmət” mərkəzində vətəndaşların gözləyərkən vaxtlarını səmərəli keçirmələri üçün funksional-yardımçı xidmətlər – bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin haqqının, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaq. Xidmətin “Çağrı” mərkəzi vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta bilər. Mərkəzdə videomüşahidə kameraları və rüsumların məbləğlərini əks etdirən tablo quraşdırılıb.

Şəffaflıq

Prezident İlham Əliyev mərkəzin mühafizə otağı ilə tanış olub.

Qeyd edilib ki, korrupsiya hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi məqsədilə mərkəzdə xidmət proseduru fasiləsiz videokamera vasitəsilə qeydiyyata alınacaq. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə sistemi ilə təmin edilib. Xidmətlərin tənzimlənməsi məqsədilə elektron monitor və elektron elan tabloları qurulub. Xidmətin “asan.gov.az” internet saytı vasitəsilə vətəndaşlar üçün “online” növbəyə yazılma, elektron ərizələr doldurma, sənədləri digər orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılıb. Dövlət başçısına Elektron Məlumat Mərkəzi barədə məlumat verilib.

“ASAN kart”

Prezident İlham Əliyev mərkəzdə işçilər üçün yaradılan şəraitlə də tanış olub.

Diqqətə çatdırılıb ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların razı salınmasının, şəffaflığın təmin edilməsinin, korrupsiya hallarının istisna olunmasının, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiqinin, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin – “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

Dövlət başçısına “ASAN kart”la bağlı geniş məlumat verilib.

Bildirilib ki, “ASAN kart” özündə əsasən iki – ödəniş və identifikasiya funksiyasını daşıyan kartdır. Bu kart vasitəsilə dövlət xidmətləri üzrə sifarişin alınması və ödənilməsini həyata keçirmək mümkündür. Ən əsası isə kart beynəlxalq funksiyalı olduğu üçün istənilən yerdə bütün növ ödənişləri həyata keçirmək mümkündür. Kartdan, həmçinin sərnişin nəqliyyatında və kommunal ödənişlərdə istifadə etmək olar. “ASAN kart”ın daha bir xüsusiyyəti isə elektron imza daşıyıcısı olmasıdır. Belə ki, müqavilələrin və digər rəsmi sənədlərin imzalanmasında bu kartdan istifadə etmək mümkündür.

 

Mənbə: Bakupost

 

A- A A+

Digər xəbərlər