Please ensure Javascript is enabled for purposes of website accessibility

Qəbələ “ASAN xidmət” mərkəzində İKT sahəsində II Regional Konfrans keçirilib

5 noyabr 2017-ci il tarixində Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Gilan Holdinq”in dəstəyi və “Azərbaycan Qadını İKT-də Femmes Digitales (AWIC)” klubunun təşkilatçılığı ilə Qəbələ “ASAN xidmət” mərkəzində məktəbli qızlar üçün İKT sahəsində II Regional Konfrans keçirilib.

Konfransın keçirilməsində əsas məqsəd İKT sahəsində məktəbli qızların sayının artırılması, həmin regionda yaşayan və təhsil alan zərif cinsin nümayəndələri arasında gələcək karyeranın qurulması və potensial kadrların hazırlanması üçün İKT-nin bir sahə kimi təbliğ edilməsi və seçilməsinə kömək göstərməkdir.

Konfrans çərçivəsində ölkənin qabaqcıl şirkət və müəssisələrinin rəhbərləri və xanım təmsilçiləri informasiya kommunikasiya texnologiyaları sahəsində təqdimatlar edib, qızları bu sahəyə həvəsləndirmək üçün öz uğur hekayələrini danışıb, qabaqcıl təcrübələrini bölüşüblər.

Qızlar arasında informasiya kommunikasiya texnologiyaları sahəsinə marağın artırılması məqsədilə keçirilən tədbirdə “B.EST Solutions”, “ASAN xidmət”, “MONT”, “Eurodesign”, “R.I.S.K.”, “Cybernet”, “Azertelecom”, “Ultra Technologies” və digər təşkilatların nümayəndələri İKT-nin cəmiyyətin həyatının bütün sferalarındakı rolundan danışıb, bu sahədə təhsilin və karyeranın Azərbaycan xanımları üçün açdığı imkanlardan bəhs ediblər. Ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən innovativ informasiya kommunikasiya texnologiyaları layihələri haqqında məlumat verən çıxışçılar İKT sahəsində uğur əldə etmək istəyən qızlara “Femmes Digitales” klubunun verə biləcəyi dəstəyi də qeyd ediblər.

Daha sonra kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsi olan "STEP IT Academy Azerbaijan"ın təqdimatında tədbirin praktiki hissəsinə start verilib. Praktiki məşğələlərdə iştirakçılar əyani vəsaitlərdən istifadə edərək müxtəlif robot və avtomatlaşdırılmış sınaq mexanizmlərinin hazırlanması ilə tanış olub, bu sahədə başlanğıc biliklərə yiyələnmək imkanı əldə ediblər.

Proqram çərçivəsində qızlar arasında keçirilən “İT Startap üçün ən yaxşı ideya” müsabiqəsinin qaliblərinə diplom və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, məktəbli qızlar üçün İKT sahəsində I Regional Konfrans ötən il Masallı “ASAN həyat” kompleksində baş tutub.

A- A A+

Digər press-relizlər