Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” təcrübəsi Trans-Xəzər Forumunda

18 may 2018-ci il tarixində ABŞ-ın paytaxtı Vaşinqtonda ikigünlük Trans-Xəzər Forumuna start verilib.

Forumun təşkil olunmasında əsas məqsəd Trans-Xəzər region dövlətləri, o cümlədən Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan, Özbəkistan və Türkmənistan tərəfindən infrastruktur biznes, ticarət və sərmayə imkanları barədə ABŞ-ın biznes ictimaiyyətini məlumatlandırmaq olub.

Üç milyondan çox üzvü olan nüfuzlu ABŞ Ticarət Palatası və Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən, ilk dəfə olaraq ABŞ Ticarət Palatasının “Ağ Ev” ilə üzbəüz yerləşən möhtəşəm “Hall of Flags” auditoriyasında baş tutan forumda ABŞ administrasiyası və region dövlətlərinin yüksək rütbəli nümayəndələri bir araya gələrək Trans-Xəzər regionunun potensialını müzakirə ediblər.

Tədbirdə ABŞ dövlət qurumlarının, akademik təşkilatların, biznes və siyasi dairələrin, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında Trans-Xəzər Forumunun Azərbaycanın regionda ticarət, tranzit əlaqələrinin təmin edilməsində mərkəzi rolunu, xarici investisiyalar və ticarət üçün işgüzar dostluq mühitinin təqdim edilməsində potensialını vurğulamaq üçün başlıca platforma olduğunu bildirib. O, bu tədbirin Azərbaycan Demokratik Respublikasının yaranmasının 100-cü ildönümünə təsadüf etdiyini və Sovet İttifaqının süqutundan sonra Azərbaycanın müstəqilliyini yenidən bərpa edən digər region ölkələri ilə bərabər böyük inkişaf yolu keçdiyini bildirib.

Daha sonra Azərbaycanın “ASAN xidmət” kimi öz milli brendini yaratdığını və bu təcrübənin regionun digər ölkələrində tətbiq edildiyini deyib. Bildirib ki, bu təcrübənin bölüşülməsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi baxımından “ASAN xidmət”in nümayəndəsinin keçirilən tədbirdə iştirakı xüsusi əhəmiyyət daşıyır.

İnnovasiya və texnologiyalar sahəsinə həsr olunmuş sonuncu paneldə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli “ASAN xidmət” təcrübəsi, onun Trans-Xəzər regionunda indiyədək tətbiqi və gələcək perspektivlərdən danışıb.

A- A A+

Digər press-relizlər