Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

Xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair apostil verilməsi üçün sənədlərin qəbulu

Ümumi məlumat

Apostil Azərbaycan Respublikasının ərazisində verilmiş və Azərbaycan Respublikasına münasibətdə 2 mart 2005-ci ildə qüvvəyə minmiş «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»nın iştirakçısı olan dövlətlərdən birinin ərazisində təqdim olunması nəzərdə tutulan rəsmi sənədlərə verilir.

Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qismdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir.

Apostildə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi və ya leqallaşdırılması tələb olunmur.

Apostil aşağıdakı sənədlərə verilir:

1.   məhkəmələrin, prokurorluq və ədliyyə orqanlarının verdiyi rəsmi sənədlərə (əgər sənədi vermiş orqanın möhürünün, ştampının və vəzifəli şəxslərinin imza nümunələri məlumdursa);

2.   Azərbaycan Respublikasının ərazisində notariat qaydasında təsdiq olunan sənədlərə;

3.   Azərbaycan Respublikasının ərazisində vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair verilmiş sənədlərə.

Diplomatik və ya konsul idarələri tərəfindən icra edilən sənədlərə, kommersiya və ya gömrük əməliyyatlarına birbaşa aidiyyəti olan inzibati sənədlərə apostil verilmir. 


Apostilin verilməsi üçün sənədlərin qəbulu

Apostil sənədi imzalayan və ya onu təqdim edən istənilən şəxsin vəsatəti ilə verilir.

Hüquqi şəxsin sənədləri onun nümayəndəsinin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya dövlət reyestrindən çıxarış, yaxud təsis sənədləri təqdim edildikdə apostilin verilməsi üçün qəbul olunur.

Təqdim edilmiş sənədlər 5 iş günü müddətində yoxlanıldıqdan sonra onlara apostil verilir. Düzgün tərtib olunmamış sənədlər apostil verilmədən qaytarılır.

Apostilin verilməsi üçün təqdim edilmiş sənədlərin əlavə yoxlanılması tələb edildikdə, eləcə də sənədlərin sayı 10-dan artıq olduqda apostilin verilməsi müddəti 5 gün və ya daha artıq müddətə uzadıla bilər.

Apostilin verilməsi üçün qəbul olunmuş sənədlərin icra edildikdən sonra qaytarılması vətəndaşlar tərəfindən onların şəxsiyyətini təsdiq edən sənədlər, hüquqi şəxslərin nümayəndələri tərəfindən isə müvafiq etibarnamə və ya dövlət reyestrindən çıxarış, yaxud təsis sənədləri təqdim olunduqda sənədi alan şəxsə qeydiyyat kitabında imza etdirməklə həyata keçirilir.

 

Apostil verilməsi üçün təqdim olunan sənədlərə dair tələblər 

Apostilin verilməsi üçün təqdim edilən sənədlərə hər hansı əlavə məlumatın daxil edilməsinə, sona qədər tamamlanmamış sətirlərə və digər boş yerlərə xətt çəkilməsinə yol verilmir.

Tərkibi bir neçə vərəqdən ibarət olan sənədlər tikilməli, vərəqlər nömrələnməli, sənədi verən vəzifəli şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. 


Dövlət rüsumunun (haqqın) məbləği:

Dövlət rüsumu – 10 manat.