Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi

Xidməti həyata keçirən orqan:

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi


Azərbaycan Respublikasının bütün fiziki və hüquqi şəxsləri dövlət arxiv fondu sənədləri əsasında arxiv arayışları almaq hüququna malikdirlər.

Dövlət arxivləri onlarda saxlanılan sənədlər əsasında müvafiq qanunvericilik aktlarına uyğun olaraq fiziki və hüquqi şəxslərə, idarə, təşkilat və müəssisələrə onların hüquqi və qanuni mənafelərini təmin edəcək sosial-hüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı, arxiv çıxarışı və yaxud sənədlərin təsdiq olunmuş surətlərini verir.

Arxiv arayışlarının verilməsi üçün tələb olunan sənədlər:

Fiziki şəxslər üçün:

  1. ərizə (sorğu);
  2. şəxsiyyət vəsiqəsi;
  3. etibarnamə (ərizə fiziki şəxsin adından verildikdə).

Hüquqi şəxslər üçün:

  1. ərizə (sorğu);
  2. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi;
  3. hüquqi şəxsin adından ərizənin verilməsi səlahiyyətini təsdiq edən etibarnamə;
  4. şəxsiyyət vəsiqəsi (ərizəni təqdim edən nümayəndə üçün).

Fiziki və hüquqi şəxslər yuxarıda qeyd edilənlərdən başqa sorğu ediləcək arxiv sənədinin məzmunundan asılı olaraq aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Əmək kitabçası - Əmək haqqının və ya əmək stajının təsdiq edilməsi haqqında sənəd barədə sorğu verildikdə;

- Doğum və ya ölüm haqqında şəhadətnamə - Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı üzrə sənəd barədə sorğu verildikdə;

- Nikah və ya nikahın pozulması haqqında şəhadətnamə - Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı üzrə sənəd barədə sorğu verildikdə;

- Təltif haqqında vətəndaşa təqdim edilmiş sənəd (vəsiqə) - Təltif edilmənin təsdiq edilməsi haqqında sənəd barədə sorğu verildikdə;

- Daşınmaz əmlaka dair icra hakimiyyəti orqanı tərəfindən verilmiş order, bu əsasla arxiv sənədinin verilməsi mümkün olmadıqda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ya "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun qüvvəyə minənədək (10.08.2004-cü il) daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri - Daşınmaz əmlak üzərində əşya hüququnun təsdiq edilməsi haqqında sənəd barədə sorğu verildikdə. 

Qeydlər: 

Azərbaycan Respublikası Dövlət Arxivində yalnız 1939-cu ilə qədər Bakı şəhəri üzrə VVADQ sənədləri saxlanılır. 1939-cu ildən sonrakı illər barədə doğum, ölüm, nikah və boşanma faktının qeydiyyata alındığı inzibati ərazi vahidliyi üzrə müvafiq VVADQ şöbələrinə müraciət edilməlidir. Hər il mütəmadi olaraq, müvafiq VVADQ idarələrindən sənədlər növbəti illər üzrə arxivə mühafizə üçün daxil olur.

 “Qəhrəman Ana” adı almış şəxslər bu barədə sorğu göndərərkən beşinci uşaqdan başlayaraq digərlərinin doğum tarixlərini qeyd etməlidirlər.

Daşınmaz əmlak üzərində əşya hüququnun təsdiq edilməsi haqqında sənəd barədə sorğu verildikdə vətəndaş dəqiq tarix bilmirsə maksimum 1 il müddətində təxmini tarix (mövzusu 1920-ci ilə qədər olan sorğular üzrə maksimum 5 il, mövzusu 1920-ci ildən sonra olan sorğular üzrə 1 il) verə bilər. Bununla yanaşı, mülkün ilkin sahibi vətəndaş özü olmadıqda, lakin cari dövrdə həmin mülkə qanuni əsaslarla sahiblik edirsə, həmin sahiblik hüququ verən sənədlərin surətini sorğusuna əlavə etməlidir (mülkün qeydiyyat vəsiqəsi, alqı-satqı müqaviləsi və s.).

Dövlət rüsumunun məbləği:

Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi ödənişsizdir.